Hər bir gənc karyera həyatını qurmağa başlayarkən, ağlında fərqli suallar olur: Hansı peşəni seçməliyəm? Hara müraciət edə bilərəm? Bu şərtlər ilə razılaşa bilərəmmi? Uğur qazanmaq üçün, hansı qərarları versəm daha düzgün olar?
Motivasiyanı itirmədən davam etmək bəzən çətin ola bilər, lakin arzularından imtina etməyən, çox çalışıb arzularına çatan gənclər var və onların təcrübəsinə nəzər salmaq bizə faydalı ola bilər. Həmin gənclərin karyera həyatı üzərindən, ağlınızda olan bəzi sualların cavablarını tapmağınız və uğurlu karyera qurmaq üçün yeni addımlar atmağa motivasiya almağınız ümidi ilə...
Bu günün “Uğur hekayəsi” rubrikamızın qonağı Orxan Mustafayev-dır.
1.Niyə məhz bu sahəni seçdiniz, Orxan bəy? Sizi bu sahədə karyeranızı başlamağa nə vadar etdi?
İT-yə olan marağım uşaqlıqda kompyuterlərə olan sevgimdən başladı. Kompyuterdə oynadığım oyunlardan biri açılmırdı və yaranmış xətanı aradan qaldırmaq üçün internetdə bir çox araşdırma apardıqdan sonra problemi həll edib, kompyuter problemlərini həll edən peşə var mı deyə maraqlanmağa başladım. Ali təhsilim İnformasiya Texnologiyaları və Sistemləri mühəndisliyi üzrə olub ondan sonra da ilk işimə başladım.
2.Uğura gedən yolda sizin üçün nə kimi çətinliklər olub? İlk qarşılaşdığınız maneə nə olub və onunla necə başa çıxmısınız?
Əslində insanın nəyəsə marağı olanda və o maraq artıq məqsədə çevrildiyi zaman maneə deyə bir anlayış qalmır. İnsan əgər bir maneə ilə rastlaşırsa o onun maneəsi yox, ərinməsidir. İnsan istənilən maraq dairəsinə sevgi və yaxud böyük istək, motivasiya bəsləyirsə onun yolu daima açıq olur. Mənim ən boyük çətinliyim ingilis dili biliyimin zəyif olması idi və onu da İT şəbəkə ilə bağlı kitabı söz bə söz tərcümə edərək, soz ehtiyatımı gücləndirərək, musiqiyə qulaq asaraq və filmlərə baxaraq aradan qaldırdım.
3.Uğurlu karyera qurmaq üçün məsləhət görə biləcəyiniz “TOP 5” ən effektiv taktika (məsləhət,sir,üsul) hansılardır?
1. Həvəs - insan hansı sahə üzrə karyera qurmaq istədiyini əslində asanlıqla öz maraqları əsasında öyrənə bilər. Misal üçün, rəsm çəkmək - qrafik dizayn, rəssamlıq, 3D vizualizasiya və bir çox başqa yönlərə yol açır, odur ki insan ilk öncə özünü peşəkar tərəfdən tanımalıdır.
2. Motivasiya - əgər əminliklə seçilmiş bir peşə varsa, o zaman avtomatik olaraq motivasiya gəlir və bir insanın motivasiyası yarandıqdan sonra onu saxlayacaq biri varsa, o da ozüdür.
3. Hərəkət - motivasiyanı uğura çevirməyin ən düzgün yolu hərəkət etməkdir. Məqsəd üçün hər ayrılmış bir saat belə uğura bir addım atmaq deməkdir.
4. Güc – heç bir gedişat daima asan olmur, insan əlbət çətinliklər ilə üzləşir, lakin uğurlu olan o kəsdir ki, o çətinliklərə boyun əyməyib inadkarcasına yoluna davam edir və zatən o güclü insanlar indiki zamanda qəzetlərdə, televizorda və intetnet-də qabağımıza çıxır.
5. İştah - uğurlu karyera bir uğur sonrasında bitirsə, o bir nağıl olur. İnsan nə qədər uğura doymursa, bir o qədər çox yeni uğurlara imza atır. Odur ki uğurlara daima ac olmaq ən böyük uğur mənbəyidir.
4.Hər bir sahədə və uğur hekayəsində dönüm nöqtəsi vardır.Sizin karyera həyatınızda “dönüm nöqtəsi” adlandıra biləcəyiniz an olub mu?
Hər işlədiyim şirkət/layihə mənə daima yeni biliklər öyrədib və təcrübə qazandırıb, lakin ən böyük “dönüm nöqtəsi” mənim üçün Linkedin şirkəti oldu. Həmin şirkətdə, həm ingilis dilimi təkmilləşdirdim, həm də İT-də yeni məqsədim nə olduğunu müəyyən edə bildim.
5.Necə düşünürsünüz, uğurlu karyera qurmaq istəyənlər, sevəcəyi peşəni tapmaq üçün nə etməlidirlər?Ümumiyyətlə, uğur qazanmaq üçün sevdiyin yoxsa gəlirli işlə məşğul olmalısan?
Yuxarıdaki suallardan birini cavablandırdığım zaman qeyd etdiyim kimi, insan ilk öncə nəyə marağı olduğunu müəyyən etməli və onun üzərində bir çox araşdırmalar etməlidir. Əslində karyera qurmağın ən pik nöqtəsi əvvəlcədən hansı sahə üzrə qurmaq istədiyinizi müəyyən etməkdir. Öyrənmək üçün və peşə sahibi olmağınız üçün müəyyən vəsaitiniz olmalıdır. Əgər vəsaitiniz yoxdursa, müvəqqəti olaraq “Uğur qapısı”-nı açmağınız üçün marağınız olmayan işdən başlamaq məcburiyyətində ola bilərsiniz. Yetər ki, oradaki keçirdiyiniz zaman və iş mühiti sizin həvəsinizi bitirib, uğurlu gələcəyinizə atdığınız əmin addımları dayandırmasın.
6.Sizcə, həyatda uğur qazanmaq üçün mütləq şəkildə istedad olmalıdır mı?
Təbii ki, istedad dediyimiz şey mövcuddur, lakin o yalnız insanın işini asanlaşdırır. İnsanin istedadı yoxdursa, ancaq marağı varsa və o peşəyə olan marağı eşqə çevrilirsə o eşq istedaddan belə güclu olur.
7.Karyeranız uğrunda addım atdığınız ilk zamanlara dönsəniz, nəyi dəyişdirərdiniz?Keçmişdəki Orxana verəcəyiniz məsləhətlər hansılar olardı?
Otur və oxu! :) Mən məktəb vaxtından artıq oxuyub, çoxlu sertifikatlar almağa başlayardım, zatən hər qazanılan uğur gələcək məqsədlərə qapı(lar) açır və hər yeni açılan qapı peşəkarlıq və uğurun yeni bir zirvəsidir.
8.Sizcə işə və öz inkişafına insan nə qədər zaman ayrılmalıdır?
Burada hər hansısa bir limit yoxdur və olmamalıdır, lakin insan yorulduğunu hiss etdiyi anda dayanıb özünə dincəlmək üçün mütləq şəkildə zaman ayırmalıdır, çünki ondan sonra oxuduğu məlumatlar, yeni biliklər ağlında qalmayaraq, keçirdiyi vaxtda həmçinin heyif olur.
9.Özünüzü həvəssiz hiss etdiyiniz anlarda sizə nə kömək edib? Sizcə belə vaxtlarda nə etmək lazımdır?
Beynimdə “virtual-beyin” rəqabət yaradıram (özüm üçün yaratdığım bir termindir), mən həvəsdən düşdüyüm zaman, daima başqaları mənim pauzamdan yararlanıb məni geridə qoya biləcəklərini ağlıma gətirib, yoluma əvvəlkindən də böyük əzmkarlıq ilə davam edirəm.
10.Təcrübə toplamaq istəyənlər üçün nə kimi tövsiyyələriniz ola bilər?
Karyera xəritənizi çəkdiyinizdən sonra artıq nə istədiyinizi bilirsiniz deməkdir və oxumaq ilə yanaşı, praktika da çox önəmlidir. Odur ki iş portallarında təcrübə proqramlarını qaçırmamaqlarını, praktiki nəzəriyələr verən kurslara qatılmağı və karyeramın əvvəllərində etdiyim kimi beyində virtual iş şəraiti qurmaqlarını məsləhət görərdim. Kifayət qədər bilik aldığınızı hiss etdiyiniz zaman, artıq müsahibələrə qatılıb “müsahibə“ təcrübəsi qazanmağı çox məsləhət görərdim. Hər cavabını bilmədiyiniz suali yadınızda saxlayıb, onu öyrəndiyiniz zaman nə qədər güclənəcəyinizi özünüz görəcəksiniz!